Qurultay konfederasiyanın ali orqanıdır. Məclis tərəfindən yeddi ildə bir dəfədən gec olmayaraq çağırılır. Qurultay üzv təşkilatlardan bərabər sayda seçilmiş nümayəndələrin ən azı üçdə iki hissəsi iştirak etdiyi halda səlahiyyətli hesab olunur. Qurultayın qərarları sadə səs çoxluğu ilə qəbul edilir. Qurultayın iş qaydası onun nümayəndələri tərəfindən müəyyənləşdirilir.
Qurultaylararası dövrdə Konfederasiyanın ali orqanı bütün üzv təşkilatların birbaşa və bərabər sayda nümayəndə göndərməsi prinsipi üzrə yaradılan Məclis sayılır. Hər bir üzv təşkilat öz qurultaylarında (konfranslarda) və ya plenumlarında seçilməklə Məclisin tərkibinə 5 nəfər üzv göndərir. Məclisin iclasları zəruri hallarda, lakin ildə bir dəfədən az olmayaraq və yaxud üzv təşkilatların üçdə birinin tələbi ilə çağırılır. Konfederasiyanın sədri və onun müavinləri Məclisin üzvləridir, Məclisə hesabat verirlər. Məclisin iclasları Məclis üzvlərinin yarısından çoxunun iştirakı ilə səlahiyyətli sayılır. Məclisin qərarları sadə səs çoxluğu ilə yetərsay olduqda qəbul olunur. Səsvərmənin qaydaları bu Nizamnamədə nəzərdə tutulan hallar istisna olmaqla Məclis tərəfindən muəyyənləşdirilir.
Məclisin iclaslararası dövründə Konfederasiyanın icraiyyə-sərəncamverici orqanıdır. Tərkibi Konfederasiyanın sədri, onun müavinləri və hər bir üzv təşkilatların bir nəfər səlahiyyətli nümayəndəsindən ibarətdir. İcraiyyə Komitəsinin iclasları zəruri hallarda, lakin rübdə bir dəfədən az olmamaq şərtilə keçirilir. İcraiyyə Komitəsinin iclasları üzvlərinin yarısından çox hissəsi iştirak etdikdə səlahiyyətli sayılır və qərarlar sadə səs çoxluğu ilə qəbul olunur.